Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət. Xalqını çığartdın ağ günə, fəqət Vətən günü-gündən açar gül-çiçək! Bizə təsəllidir davamçın, əlbət - Onun simasında axtarır səni - Ey ulu öndər! Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım
günüdür. Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük
el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir, hörmətlə anır.
12.12.2003-cü il bu tarix mənim tələbəlik xatirəmdə yaşadığım, ən acı
hisslərlə dolu tarixdir. Baxmayaraq ki, yaşım az idi, olanları bugünkü kimi dərk
edə bilmirdim, amma onun Azərbaycan naminə gördüyü
işləri dərk edərək böyük bir şəxsiyyətin itkisinin acısını yaşamışdım. Bu böyük
mütəfəkkir insanın fəaliyyətini qısacası tarixə öz adını əbədi həkk etmiş
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu
müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Heydər Əliyevin zəngin
həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz
xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü
olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş
və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə
Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll
etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı
aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial,
iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün
müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft
strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin
tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən
resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının
qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata
keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı
vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının
formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi,
elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi
ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib
qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi
geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının
tərkib hissələri olmuşdur.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev
zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda
inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat
amalının təntənəsidir.Dövrünün ən nüfuzlu ilə bir sırada duran
Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin
dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər
sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu
başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın
potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu
Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini,
müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən
müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Müstəqil
Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun
zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs
mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli
vəzifəsidir".Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi
kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə
xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi
potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun
müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev
bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan
yaşayacaqdır".
Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha
təsdiqləmişdir.
Bütün bunlara görə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur,
onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərə
qəni-qəni rəhmət diləyirəm! Şahnaz Əliyeva,Xocalı rayon gənci